ABŞ-nin böyük hissəsini əhatə edən şiddətli qar fırtınası və rekord səviyyədə şaxtalı hava şəraiti milyonlarla insanın gündəlik həyatını çətinləşdirib.
Postxronika.az "Reuters"ə istinadən xəbər verir ki, təhlükəli hava şəraiti ilə əlaqədar bir çox ştatda əhaliyə evdən çıxmamaq barədə xəbərdarlıq edilib və insanlar sığınacaqlara üz tutublar. Fəlakət bölgələrində icmaların səfərbər olduğu, sakinlərin qarda ilişib qalan sürücülərə və istiliksiz qalan qonşularına kömək etdiyi bildirilir. Kəskin şaxta və güclü külək səbəbindən infrastruktur ciddi ziyan görüb, minlərlə aviareys ləğv edilib və enerji təchizatında kəsintilər yaranıb. Rəsmilər bu "tarixi soyuqların" hələ bir neçə gün davam edəcəyini bildirərək, vəziyyətin ciddiliyini qoruduğunu vurğulayıblar.