Türkiyənin Mardin vilayətində bütün növ toplantı, nümayiş və yürüşlərin keçirilməsi müvəqqəti olaraq dayandırılıb.
Postxronika.az xəbər verir ki, yerli valiliyin qərarı ilə 27-31 yanvar tarixləri arasında şəhər mərkəzi və rayonlarda hər hansı aksiya keçirmək, çadır qurmaq və ya afişa asmaq qadağan edilib.
Nusaybin rayonunda planlaşdırılan yürüşlə bağlı aparılan təhlükəsizlik qiymətləndirməsi nəticəsində ictimai asayişin pozulma riski nəzərə alınaraq bu addım atılıb.
Rəsmi qurumlar tərəfindən icazə verilən fəaliyyətlər istisna olmaqla, digər bütün kütləvi aksiyalara, o cümlədən ətraf bölgələrdən bu məqsədlə gələn şəxs və nəqliyyat vasitələrinin giriş-çıxışına məhdudiyyət qoyulub.
Valilik bəyan edib ki, əsas məqsəd vətəndaşların hüquqlarını qorumaq və mümkün zorakılıq hallarının qarşısını almaqdır. Sözügedən qərar 5442 saylı İl İdarəetmə Qanunu və müvafiq hüquqi aktlar çərçivəsində tətbiq olunur.