Ümumdünya Səhiyyə Təşkilatı Hindistanda yenidən ortaya çıxan və müalicəsi olmayan Nipah virusu ilə bağlı təcili araşdırma çağırışı edib.
Postxronika.az "Ensonhaber"ə istinadən xəbər verir ki, səhiyyə qurumlarının verdiyi məlumata görə, Nipah virusu Kəlküttəyə yaxın yaşayış məntəqələrində aşkarlanıb.
İlkin araşdırmalar zamanı xəstəliyin nəzarət altına alınması üçün təcili təmasların izlənməsinə qərar verilib və risk qrupunda olan şəxslər müşahidəyə götürülüb.
Həmçinin ölüm faizi 75%-ə qədər yüksələn virus səbəbilə Qərbi Benqal bölgəsində karantin tədbirləri gücləndirilib.
Mütəxəssislər Nipah virusunun heyvanlardan insanlara keçə bildiyini, xüsusilə yarasalar və donuzlar vasitəsilə yayıldığını, həmçinin insandan insana yoluxma riskinin də olduğunu vurğulayırlar.
Bu virusa yoluxan şəxslərdə hərarət, baş ağrısı, yorğunluq, qusma və xroniki tənəffüs çatışmazlığı kimi bir sıra əlamətlər müşahidə oluna bilər.
Ağır hallarda isə virus beyin iltihabına səbəb olaraq 24–48 saat ərzində koma və ölümlə nəticələnə bilər.
Virusa qarşı hər hansı peyvənd mövcud deyil. Xəstələrə əsasən dəstəkləyici müalicə tədbirləri tətbiq olunur.
Qeyd edək ki, adını Malayziyanın Nipah bölgəsindən alan virusa ilk dəfə 1998-ci ildə Malayziya və Sinqapurda donuz təsərrüfatlarında çalışan insanlarda rast gəlinib.