ABŞ Prezidenti Donald Trampın Paris İqlim Sazişindən çıxmaq qərarı 27 yanvar 2026-cı il tarixindən etibarən rəsmən qüvvəyə minib.

Postxronika.az xəbər verir ki, Tramp ikinci prezidentlik dövrünə başladığı 20 yanvar 2025-ci ildə bu qərarı açıqlayıb və bir həftə sonra rəsmi bildiriş BMT Baş katibi Antonio Quterreşə təqdim olunub. Beləliklə, BMT-yə müraciətdən sonra tələb olunan bir illik müddət başa çatıb və ABŞ sazişdən hüquqi olaraq ayrılıb. Stokholm Ətraf Mühit İnstitutunun aparıcı tədqiqatçısı Riçard Klayn bildirib ki, Paris Sazişi qlobal iqlim hədəflərinə çatmaq üçün əsas mexanizmlərdən biridir. Onun sözlərinə görə, ABŞ-nin çəkilməsi praktiki baxımdan son bir ildə müşahidə olunan passiv mövqenin rəsmiləşdirilməsi deməkdir. Klayn vurğulayıb ki, böyük emissiya mənbəyi olan ABŞ-nin prosesdən kənarda qalması iqlimlə mübarizəni çətinləşdirsə də, iqtisadi maraqlar ölkəni yenə də fosil yanacaqlardan uzaqlaşmağa məcbur edəcək.