Kaliforniya qubernatoru Qevin Nyusom sosial media nəhəngi TikTok-u prezident Donald Tramp əleyhinə olan məzmunları qəsdən gizlətməkdə və senzura tətbiq etməkdə günahlandırıb.
Postxronika.az xəbər verir ki, qubernator bu şübhəli fəaliyyətin ştat qanunlarını pozub-pozmadığını müəyyən etmək üçün Kaliforniya Ədliyyə Nazirliyinə rəsmi araşdırma barədə göstəriş verib. İttihamlar platformanın idarəçiliyinin Trampla əlaqəli biznes qruplarına keçməsindən və istifadəçilərin siyasi paylaşımlarda maneələrlə üzləşməsindən sonra gündəmə gəlib. TikTok rəsmiləri yaranan vəziyyəti məlumat mərkəzindəki elektrik kəsilməsi və texniki nasazlıqla izah etsələr də, bir çox ekspert və istifadəçi bunun qəsdən edildiyini düşünür. Qeyd edək ki, "ByteDance" şirkəti ABŞ-dakı qadağadan yayınmaq üçün bu yaxınlarda tətbiqin səhmlərinin böyük hissəsini Amerika investorlarına satmaq barədə razılığa gəlmişdi.