"Mançester Yunayted"in müdafiəçisi Patrik Dorqu "Arsenal"la gərgin keçən matçda fərqlənsə də, sevinci uzun çəkməyib. Danimarkalı futbolçu vurduğu baxımlı qoldan qısa müddət sonra bud əzələsində yaranan kəskin ağrılar səbəbindən meydanı tərk etmək məcburiyyətində qalıb.

Postxronika.az xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına əsasən, ilkin olaraq sadə qıcolma ehtimal edilsə də, tibbi müayinələr zədənin ciddi olduğunu və oyunçunun 10 həftə yaşıl meydanlardan uzaq qalacağını üzə çıxarıb. Klub həkimləri müdafiəçinin bərpa prosesinin aprelin əvvəlinə, "Lids"lə qarşılaşma ərəfəsinə qədər yekunlaşacağını proqnozlaşdırırlar.