Avstriya hökuməti azyaşlıların virtual platformalarda hesab açmasını məhdudlaşdırmağı hədəfləyən yeni qanun layihəsi üzərində işləyir.

Postxronika.az xəbər verir ki, Rəqəmsallaşma üzrə dövlət katibi Aleksandr Pröll bu məsələdə Avstraliya modelindən nümunə götürülə biləcəyini və qaydaların növbəti tədris ilindən qüvvəyə minəcəyini bildirib. Lakin koalisiya tərəfdaşı olan NEOS partiyası bu təşəbbüsə sərt etiraz edərək texnoloji nəzarətin vətəndaşlara qarşı silah kimi istifadə olunma riskini diqqətə çatdırıb.

​Hazırda mütəxəssislər tərəfindən detalları hazırlanan tənzimləmə uşaqları zərərli alqoritmlərdən və mənfi məzmunlardan qorumağı məqsəd qoyur. Xatırladaq ki, oxşar təcrübə artıq Avstraliyada tətbiq olunur və qaydaları pozan texnologiya nəhənglərini milyonlarla dollar məbləğində cərimələr gözləyir. Bu addım Avropada gənclərin rəqəmsal təhlükəsizliyi ilə bağlı müzakirələri daha da alovlandırıb.