Paytaxtda iki gündür, hökm sürən şiddətli külək səbəbindən Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
Postxronika.az xəbər verir ki, yanvarın 2-si gecə saatlarından başlayaraq əsən bərk külək nəticəsində şəhərin müxtəlif yerlərində 9 ağac aşıb, 6-sının isə budaqları qırılıb.
Qurumun növbətçi briqadaları tərəfindən yıxılan gövdələr və qırıntılar operativ şəkildə ərazilərdən təmizlənərək kənarlaşdırılıb. Hadisə yerlərində işlər sürətlə tamamlanıb və hərəkətin təhlükəsizliyi tam təmin edilib.
Hazırda birliyin əməkdaşları yarana biləcək yeni fəsadların qarşısını almaq məqsədilə paytaxt küçələrində monitorinqlərini davam etdirirlər. Sinoptiklər tərəfindən hava şəraiti ilə bağlı verilən xəbərdarlıqlar nəzərə alınaraq bütün texniki vasitələr hazır vəziyyətə gətirilib.