ABŞ-nin bir vaxtlar tarixi qəribəlik kimi dəyərləndirilən Kanadanı işğal planları Vaşinqtonun Qərb yarımkürəsində üstünlük iddialarını sərtləşdirməsi fonunda Ottavada ciddi narahatlıq yaradıb.

Postxronika.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın sosial mediada Kanada, Qrenlandiya və Venesuelanı ABŞ bayrağı altında göstərən süni intellekt xəritəsi paylaşması Kanadada “mövcudluğa təhdid” kimi qiymətləndirilib. Tramp Kanada Baş naziri Mark Karni ilə görüşündə iki ölkə arasındakı sərhədi “xətkeşlə çəkilmiş düz xətt” adlandıraraq qitənin birləşməsinin daha məntiqli olduğunu bildirib. O, ötən il Kanadanın ABŞ-nin “51-ci ştatı” olması fikrini dəfələrlə səsləndirərək bu mövqeni gömrük rüsumları və sərhəd təhlükəsizliyi müzakirələri ilə əlaqələndirib. “Globe and Mail” nəşrinin məlumatına görə, Kanada Silahlı Qüvvələri bir əsrdən sonra ilk dəfə mümkün ABŞ müdaxiləsinə qarşı müdafiə və qeyri-ənənəvi mübarizə ssenariləri üzərində işləməyə başlayıb. 2025-ci ildə aparılan sorğu isə kanadalıların 43 faizinin yaxın beş il ərzində ABŞ-dən hərbi təhlükəni real saydığını göstərib.