Astronomlar tərəfindən izlənilən, diametri təxminən 60 metr olan 2024 YR4 asteroidinin 2032-ci ildə Ayla toqquşma ehtimalı elm aləmində ciddi müzakirələrə səbəb olub.
Postxronika.az xəbər verir ki, ehtimalı təxminən 4 faiz qiymətləndirilən bu toqquşma orta güclü termonüvə silahının partlayışına bərabər enerji yaradacaq və Ay səthində bir kilometrə yaxın yeni krater formalaşdıracaq. Hadisə zamanı yaranacaq seysmik dalğalar Ayın daxili quruluşu barədə mühüm məlumatların əldə olunmasına imkan verəcək. James Webb Kosmik Teleskopu da daxil olmaqla müasir müşahidə vasitələri kraterin və ərimiş səthin soyuma prosesini izləyəcək. Toqquşmadan sonra Ay səthindən qopan toz və qaya parçalarının Yer orbitinə daxil olaraq peyk sistemləri üçün risk yarada biləcəyi bildirilir. Bu səbəbdən bəzi kosmik agentliklər asteroidin trayektoriyasının dəyişdirilməsi imkanını da müzakirə edir.