"TikTok" platformasında "Hüquq mərkəzi" adı altında səhifələr yaradaraq vətəndaşların etibarından sui-istifadə edən şəxs məsuliyyətə cəlb olunub.
Postxronika.az DİN-in əməkdaşı Cəsarət Qəmbərlinin verdiyi məlumata əsasən xəbər verir ki, özünü hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva 145 nəfərin təxminən 450 min manat vəsaitini dələduzluq yolu ilə mənimsəyib. Yasamal Rayon Polis İdarəsində aparılan istintaq çərçivəsində saxlanılan qadın barəsində artıq həbs qətimkan tədbiri seçilib. Hazırda vurulmuş maddi ziyanın 381 529 manatının ödənilməsi təmin edilsə də, ibtidai araşdırmalar davam etdirilir. Polis orqanları sözügedən şəxsin qanunsuz əməllərindən zərər çəkən digər vətəndaşları da istintaqa müraciət etməyə çağırır. Bu hadisə sosial şəbəkələrdəki saxta xidmət təkliflərinə qarşı diqqətli olmağın vacibliyini bir daha gündəmə gətirib.