“Quacquarelli Symonds” (QS) beynəlxalq agentliyinin açıqladığı Avropanın ən yaxşı universitetləri siyahısında Azərbaycanın təmsilçilik səviyyəsi rekord həddə çatıb.
Postxronika.az xəbər verir ki, reytinqdə yer alan yerli ali məktəblərin sayı ötən illə müqayisədə 9-dan 15-ə yüksələrək ölkə təhsili üçün yeni mərhələnin əsasını qoyub. Ümumilikdə 42 ölkədən 958 müəssisənin qatıldığı dəyərləndirməyə bu il ölkəmizdən daha 6 universitet ilk dəfə daxil olub. Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti (271-ci yer), Bakı Dövlət Universiteti (278-ci yer) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (349-cu yer) ölkə üzrə liderlik edir. Yerli ali təhsil ocaqlarının əksəriyyəti akademik nüfuz, işəgötürənlər arasında rəğbət və məşğulluq nəticələri kimi mühüm göstəricilər üzrə mövqelərini xeyli möhkəmləndirib. Bununla Azərbaycan 10-dan çox universitetlə təmsil olunan ölkələr arasında inkişaf dinamikasına görə ilk üçlükdə qərarlaşıb.