"Nəhəng bir armada İrana doğru gedir. Bu, Venesuelaya göndəriləndən daha böyük bir donanmadır".

Postxronika.az "Oxu.Az"a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

ABŞ lideri İrana növbəti hücumun daha sərt olacağını bəyan edib:

"Hərbi qüvvələrimiz lazım gələrsə, sürətlə və qətiyyətlə öz missiyasını həyata keçirəcək. Ümid edirəm ki, İran tez bir zamanda danışıqlara başlayacaq, tərəflər üçün ədalətli və bərabər bir razılaşma olacaq. Vaxt azalır, bu, həqiqətən də vacibdir! İrana əvvəl dediyimi təkrarlayıram: Saziş bağlayın! İrana növbəti hücum əvvəlkindən daha sərt olacaq".

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.