Hindistanda yenidən baş qaldıran "Nipah" virusu Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) hərəkətə gətirib. 


Postxronika.az xəbər verir ki, heyvanlardan insanlara keçən və ilk dəfə 1998-ci ildə Malayziyada aşkarlanan bu virusun yeni bir pandemiyaya çevrilib-çevrilməyəcəyi ciddi müzakirə mövzusudur. Qripə bənzər simptomlarla özünü büruzə verən xəstəlik, əsasən meyvə yarasaları vasitəsilə yayılır.

Virusun mənbəyi və yoluxma yolları

"Nipah" virusu zoonotik (heyvandan insana keçən) infeksiyadır və təbii daşıyıcısı Asiyada geniş yayılan meyvə yarasalarıdır. İnsanlara yoluxma bir neçə yolla baş verir:

Yarasaların tüpürcəyi və ya ifrazatı ilə çirklənmiş meyvələrin (xüsusilə çiy palma şirəsi) istehlakı;


Yoluxmuş heyvanlarla (məsələn, donuzlarla) birbaşa təmas;

Yoluxmuş insanla yaxın təmas.

Simptomlar və yüksək ölüm riski

Xəstəliyin inkubasiya dövrü 4 gündən 14 günə qədər dəyişir. Əsas əlamətləri bunlardır:

Yüksək hərarət, baş və boğaz ağrısı;

Ürəkbulanma və qusma;

Baş gicəllənməsi və halsızlıq;

Ağır hallarda şüur bulanıqlığı və beyin iltihabı (ensefalit).

Mütəxəssislər xəbərdarlıq edir ki, virusun ölüm göstəricisi kifayət qədər yüksəkdir — 40%-dən 75%-ə qədər. Hazırda bu virusa qarşı təsdiqlənmiş hər hansı xüsusi peyvənd və ya müalicə metodu mövcud deyil.

Pandemiya təhlükəsi varmı?

Mütəxəssislərin rəyinə görə, "Nipah"ın COVID-19 kimi qlobal pandemiyaya çevrilmə ehtimalı aşağıdır. Bunun səbəbi virusun hava-damcı yolu ilə deyil, birbaşa təmasla yoluxmasıdır. 


Lakin ÜST virusu "potensial epidemiya təhlükəsi" siyahısında saxlayır. Hazırda Azərbaycanda bu virusa rəsmi yoluxma halı qeydə alınmayıb, yalnız Qazaxıstan sərhəd keçid məntəqələrində nəzarəti gücləndirdiyini elan edib.