Ukraynanın şimal-şərqində sərnişin qatarına edilən Rusiya dron hücumu nəticəsində 5 nəfər həyatını itirib.
Postxronika.az “BBC”yə istinadən xəbər verir ki, hadisə şahidi olan ukraynalı hərbçi qatarın hədəfə alındığı dəhşətli anları təsvir edib.
"Omar" çağırış siqnallı hərbçi bildirib ki, ilk dron qatarın yaxınlığına düşərək onu dayanmağa məcbur edib, ikinci zərbə isə vaqonlardan birini hissələrə ayırıb. O, dərhal panikaya düşən sərnişinləri vaqonu tərk etməyə çağırıb və alovlanmadan saniyələr əvvəl verilən bu qərar bir çox insanın həyatını xilas edib. Ümumilikdə qatarda 291 nəfər olub.
Hərbçi insanları təhlükəsiz yerə yönəltdikdən sonra geri qayıdaraq sağ qalanları axtarıb və sonuncu vaqonda körpəsi olan gənc qadını xilas edib. Məlum olub ki, qadın cəbhə xəttinə, hərbçi yoldaşına övladını göstərmək üçün gedirmiş. Prezident Volodimir Zelenski bu hücumu terror aktı adlandırıb. Hadisədən bir neçə saat sonra xətt üzrə hərəkət bərpa edilib.