İranda tarixin ən sərt internet qadağalarından biri hesab edilən üç həftəlik məhdudiyyətdən sonra bəzi istifadəçilər üçün şəbəkəyə çıxış bərpa olunmağa başlayıb.
Postxronika.az xəbər verir ki, buna baxmayaraq, girişə ciddi nəzarət edilir və ölkənin böyük hissəsi hələ də xarici aləmdən təcrid olunmuş vəziyyətdədir.
Rəsmi Tehran internetin "terror əməliyyatları" səbəbindən kəsildiyini bildirsə də, beynəlxalq təşkilatlar bunun etiraz aksiyalarına qarşı repressiyaları gizlətmək məqsədi daşıdığını vurğulayırlar. İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, yanvarın 26-dək 5925 etirazçının ölümü təsdiqlənib və bu rəqəmin daha da artacağı istisna edilmir. İnternet blokadası iqtisadiyyata da ağır zərbə vurub. Rəsmi məlumatlara görə, gündəlik zərər təxminən 35 milyon dollar təşkil edir. İş adamlarına isə ciddi nəzarət altında gündə cəmi 20-30 dəqiqəlik internet verilir ki, bu da ekspertlər tərəfindən İranın qlobal internetdən tamamilə qoparaq daxili şəbəkəyə keçməsi planının bir hissəsi kimi qiymətləndirilir.