Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Kaja Kallas Brüsseldə xarici işlər nazirlərinin görüşü öncəsi Ukrayna və Yaxın Şərqdəki vəziyyətlə bağlı mühüm bəyanatlar verib.
Postxronika.az xəbər verir ki, ali nümayəndə Rusiyanın sülh danışıqlarında səmimi olmadığını, əksinə, ukraynalıları bombalayaraq ölkədə humanitar fəlakət yaratdığını bildirib. Kallas vurğulayıb ki, təcavüzkar tərəf Moskva olduğu üçün güzəştlər Kiyevdən yox, məhz Kremldən tələb edilməli və Rusiyaya təzyiqlər artırılmalıdır. Yaxın Şərq mövzusuna da toxunan diplomat İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına salınmasının müzakirə edildiyini diqqətə çatdırıb. O, rəsmi Tehranın fəaliyyətinə işarə edərək “əgər terrorçu kimi davranırsınızsa, sizə də o cür münasibət göstərilməlidir” fikrini səsləndirib.