Yaponiyanın paytaxtı Tokioda dünyanın ilk təbiət konseptli "PokéPark Kanto" əyləncə mərkəzi fevralın 5-də fəaliyyətə başlayacaq.
Postxronika.az xəbər verir ki, İnagidəki "Yomiuri Land" ərazisində yerləşən və 26 min kvadratmetr sahəni əhatə edən bu məkan ənənəvi attraksionlardan fərqli olaraq, canlıların vəhşi təbiətdəki həyatını simulyasiya edən meşə formatındadır. Ziyarətçilər burada 600-dən çox Pokemonun real ölçülü heykəlləri ilə tanış ola, həmçinin xüsusi arenalarda təşkil edilən canlı döyüş şoularını izləyə biləcəklər. Böyüklər üçün giriş qiyməti 7900 yen təşkil edən kompleksdə "Pokemon Meşəsi" və "Sedge Town" adlı iki əsas hissə mövcuddur. Artıq qarşıdakı üç ay üçün biletləri lotereya yolu ilə tamamilə satılan layihənin yaradıcı istiqamətinə brendin qurucularından Juniçi Masuda rəhbərlik edir.