Suriya dövlət televiziyası hökumət mənbələrinə istinadən Şam rəhbərliyi ilə YPG arasında atəşkəs və hərbi-inzibati strukturların mərhələli inteqrasiyasını nəzərdə tutan genişmiqyaslı razılaşmanın əldə olunduğunu açıqlayıb.

Postxronika.az xəbər verir ki, razılaşmaya əsasən tərəflər arasında döyüşlərin dayandırılması, hərbi və inzibati qüvvələrin tədricən birləşdirilməsi razılaşdırılıb.

Saziş çərçivəsində təmas xətlərindən silahlı qüvvələrin geri çəkilməsi, Haseke və Kamışlı şəhərlərinin mərkəzinə Suriya Daxili İşlər Nazirliyinə tabe təhlükəsizlik qüvvələrinin daxil olması qərara alınıb.

Eyni zamanda YPG-yə bağlı qüvvələrin bir hissəsinin Suriya ordusunun strukturunda yeni hərbi bölmələrə inteqrasiya edilməsi və bölgədə təhlükəsizlik sisteminin vahid idarəetməyə keçirilməsi nəzərdə tutulur.

Razılaşma həmçinin YPG-nin nəzarətində olan ərazilərdəki qondarma idarəetmə qurumlarının dövlət strukturları ilə birləşdirilməsini, mülki əməkdaşların hüquqlarının qorunmasını və məcburi köçkünlərin geri dönüşünün təmin edilməsini əhatə edir.

Sənədin əsas məqsədinin Suriya ərazilərinin bütövlüyünü möhkəmləndirmək, hüquqi nizamı bərpa etmək və ölkənin yenidən qurulması üçün tərəflər arasında əməkdaşlığı gücləndirmək olduğu bildirilir.