İranın xarici işlər naziri Abbas Araqçi İstanbulda türkiyəli həmkarı Hakan Fidanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında İran–Türkiyə münasibətlərinə dair açıqlamalar verib.
Postxronika.az xəbər verir ki, Araqçi iki ölkənin həm qonşu, həm də dost olduğunu vurğulayaraq, ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə səmərəli müzakirələr apardıqlarını bildirib.
O, xüsusilə İsrailin hücumları dövründə və son terror hadisələri zamanı Türkiyənin İrana verdiyi dəstəyə görə Ankara rəhbərliyinə təşəkkür edib.
İranlı nazir İsrailin bölgədə gərginliyi artırdığını, bu siyasətin ABŞ və bəzi Avropa ölkələri tərəfindən dəstəkləndiyini deyərək region ölkələrini ehtiyatlı olmağa çağırıb.
Araqçi İranın sülh və sabitliyə qarşı yönələn hər cür addıma qarşı olduğunu, Türkiyə ilə regional maraqlar məsələsində eyni mövqeni bölüşdüklərini qeyd edib.
ABŞ ilə mümkün danışıqlara toxunan nazir bildirib ki, İran yalnız qarşılıqlı hörmət və etimada əsaslanan müzakirələrə açıqdır və öz təhlükəsizliyini təhdid edən təzyiqlərə boyun əyməyəcək.