Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında Rusiya–Ukrayna müharibəsi və onun dayandırılması istiqamətində aparılan danışıqlar barədə açıqlamalar verib.
Postxronika.az xəbər verir ki, Zelenski ABŞ tərəfindən hazırlanan 20 maddəlik sülh planının əksər bəndləri ilə razılaşdıqlarını, yalnız iki maddəni dəstəkləmədiklərini bildirib və sülh sazişindən əvvəl Vaşinqtonla güclü təhlükəsizlik zəmanətlərini əhatə edən sənədin imzalanmasının vacibliyini vurğulayıb. O, Ukraynanın ərazi bütövlüyünə xələl gətirən heç bir şərti qəbul etməyəcəklərini deyərək sərt tələblərin uzlaşma olmadığını və ölkənin sərhədlərində dəyişiklik anlamına gəldiyini qeyd edib.
Zelenskinin sözlərinə görə, ABŞ və Rusiya ilə aparılan danışıqlarda bu məsələ ilə bağlı hələlik razılıq əldə olunmayıb, lakin Kiyev müharibəyə real son qoyacaq, ərazi bütövlüyünü pozmayan kompromislərə açıqdır. Prezident həmçinin Rusiya, Ukrayna və ABŞ arasında BƏƏ-də keçirilən üçtərəfli görüşlərin davam etdirilməsinin planlaşdırıldığını, lakin görüşün vaxtı və yerinin dəyişə biləcəyini açıqlayıb. Bununla yanaşı, Zelenski Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücum etməyəcəyi təqdirdə, Kiyevin də analoji addımlardan çəkinəcəyini bildirib və Putini Kiyevdə açıq görüşə dəvət edə biləcəyini söyləyib.