Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirdiyi brifinqdə "2025-ci ilin nəticələri və 2026-cı il üzrə strateji hədəflər" mövzusunda geniş təqdimatla çıxış edib. 


Postxronika.az xəbər verir ki,Rektor ötən ilin uğurlarını bölüşməklə yanaşı, gələcək perspektivlər və milli prioritetlər çərçivəsində həyata keçiriləcək layihələri diqqətə çatdırıb. Eyni zamanda, Universitetdə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan bütün tədbirlər və yeniliklərin dövlət planı və qayğısı əsasında gerçəkləşdiyinə diqqəti çəkib.


2025-ci il: İnstitusional Möhkəmlənmə və Keyfiyyət

Elbrus İsayev bildirib ki, 2025-ci il NDU üçün keyfiyyət mərhələsi kimi yadda qalıb. Universitet beynəlxalq reytinqlərdə, xüsusilə “GreenMetric” cədvəlində dünya üzrə ilk 700-lükdə yer alaraq mövqeyini möhkəmləndirib. Qeyd olunub ki, NDU həm də beynəlxalq aləmdə Azərbaycan təhsilinin inkişafını layiqincə təmsil etdirən əsas universitetlərdən biridir.

Ötən ilin əsas göstəriciləri:

Tələbə Sayı: Tələbə kontingenti son illərdə sürətlə artaraq 11 693 nəfərə çatıb.

Beynəlxalq Əməkdaşlıq: ABŞ, Türkiyə və Macarıstanın nüfuzlu universitetləri ilə ikili diplom proqramları icra olunub.

Elmi Məhsuldarlıq: Web of Science və Scopus bazalarında dərc olunan məqalələrin sayı əvvəlki bütün dövrlərin cəminə bərabər olub.

İnnovativ Təhsil: NDU Beynəlxalq Kembric Məktəbi ölkədə ilk elektron jurnallı orta məktəb kimi fəaliyyət göstərir.

Ölkədə ilk dəfə olaraq elektron jurnal sisteminin tətbiq edildiyi orta məktəb-rəqəmsal məktəb məhz NDU-nun nəzdindəki bu təhsil müəssisəsidir.

Qeyd edək ki,Məktəb Kembric Universiteti tərəfindən lisenziya alıb və beynəlxalq standartlara uyğun olaraq yenidən qurulub.


 Bundan əlavə, rektor tələbələrin və şagirdlərin elmi texnologiyaya olan marağının sevindirici hal olduğunu xüsusi vurğulayıb.


Zəngəzur Dəhlizi və Strateji Tədbirlər

Rektor çıxışında regional layihələrin təhsil mühitinə təsirini xüsusi vurğulayıb. O qeyd edib ki, Zəngəzur dəhlizinin açılması universitetə olan beynəlxalq marağı daha da artıracaq və təhsilin inkişafı üçün yeni qapılar açacaq.

2026-cı il üçün mühüm planlar:

 Qərbi Azərbaycan Festivalı: Azərbaycan Prezidentinin "Qərbi Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması" tapşırığına uyğun olaraq, 2026-cı ilin may-iyun aylarında Qərbi Azərbaycan festival-konqresinin keçirilməsi planlaşdırılır.

Tədbirin Zəngəzur dəhlizinin simvolik və tarixi əhəmiyyəti nəzərə alınaraq Ordubad rayonunda keçirilməsi variantı hazırda nəzərdən keçirilir.

SABAH Qrupları: Azərbaycanda ilk dəfə olaraq məhz NDU-da "Tibb" ixtisası üzrə ingilis dilli SABAH qrupları fəaliyyətə başlayıb.


İnnovasiya və Tələbə Uğurları

Universitetdə tələbələrin elmi texnologiyalara olan marağının artdığını deyən Elbrus İsayev, startap layihələrinin dəstəklənməsinin prioritet olduğunu bildirib. Tələbə komandaları yalnız 2025-ci ildə startap yarışlarından 40 000 manat dəyərində mükafat qazanıblar. Həmçinin, dünyada yalnız 30 universitetdə olan LOLA (aşağı gecikməli onlayn ifa) sistemi artıq NDU-da musiqi təhsilinin xidmətindədir.

Elbrus İsayev qeyd edib ki, NDU əməktaşları hər hansı bir ölkədə konfransda olan zaman belə universitetin şəbəkəsindən (internet) pulsuz şəkildə rahatlıqla qoşulub istifadə edə bilər.


2026-cı ilin Hədəfi: Nəticəyönümlülük


Rektor vurğulayıb ki, 2026-cı il universitet üçün məsuliyyət əsaslı inkişaf ili olacaq. Struktur rəhbərləri üçün vahid strateji hədəflər müəyyən edilib və idarəetmədə rəqəmsallaşmanın genişləndirilməsi əsas məqsəd olaraq qalıb.


Nuray Qurban