İran Prezidenti Məsud Pezeşkian ölkədəki iqtisadi çətinliklər və artan narazılıqlar fonunda hakimiyyətin xalqa münasibətinin köklü şəkildə dəyişməli olduğunu bəyan edib.
Postxronika.az xəbər verir ki, İslam İnqilabının 47-ci ildönümü tədbirində çıxış edən dövlət başçısı, vətəndaşlara əmr alan subyektlər kimi deyil, xidmət göstərilən insanlar kimi yanaşmağın vacibliyini vurğulayıb. O, ədalət prinsipinin qorunmasının dövlətin sarsılmazlığı üçün əsas şərt olduğunu və imtiyazlı azlığın deyil, geniş kütlələrin məmnuniyyətinin prioritet təşkil etməli olduğunu bildirib.
Pezeşkian cəmiyyətdəki gərginliyin səbəbi kimi bəzi şəxslərin "rant" yolu ilə sərvət toplamasını və resursların qeyri-bərabər paylanmasını göstərərək, bu problemin həlli üçün parlament və din xadimlərindən dəstək istəyib. Bununla yanaşı, o, ölkədəki etirazların zorakılığa çevrilməsində xarici gücləri, xüsusilə ABŞ Prezidenti Donald Tramp və İsrail Baş Naziri Benyamin Netanyahunu nümayişçiləri silahlandırmaqda ittiham edib. Qeyd edək ki, dekabrın sonundan bəri İranda davam edən və 3 mindən çox insanın ölümü ilə nəticələnən kütləvi aksiyalar ölkədə ciddi sosial-siyasi böhrana səbəb olub.