ABŞ-də Senatın büdcə paketini qəbul etməsinə baxmayaraq, Nümayəndələr Palatasının səsverməni gecikdirməsi səbəbindən federal hökumət qismən qapanıb.
Postxronika.az xəbər verir ki, yanvarın 30-u yerli vaxtla gecə yarısı müvəqqəti büdcənin müddəti bitdiyi üçün bir çox dövlət qurumunun maliyyələşməsi dayandırılıb. Senatda 71 səslə dəstəklənən layihənin qanuniləşməsi üçün Nümayəndələr Palatasının rəsmi onayı və Prezident Donald Trampın imzası tələb olunur.
Müdafiə, Səhiyyə və Təhsil kimi mühüm nazirlikləri əhatə edən sənədin bazar ertəsi günü parlamentin aşağı palatasında müzakirə ediləcəyi və qısa müddətdə imzalanacağı gözlənilir. Rəsmilər bu texniki fasilənin dövlət xidmətlərində ciddi axsamalara yol açmayacağını proqnozlaşdırırlar. Xatırladaq ki, ABŞ ötən ilin oktyabrında 43 gün davam edən və ölkə tarixinin ən uzunmüddətli hökumət qapanmasını yaşamışdı.