Postxronika.az Əli bəy Hüseynzadənin məqaləsini sadələşdirilmiş formada təqdim edir.
Ziştbin(pessimist) bir filosofun vəfatı
Ölüm həyatın şərtlərindən biridir. Meteoritlər, axan ulduzlar daha doğrusu, alov parçaları, göy üzündə od kimi uzun xətt şəklində iz buraxırsa ölüm də həyat lövhəsində uzun bir iz buraxıb.
Bu cür izlər həyatın bəzəyidir. Belə iz buraxan ölümləri “Həyat” qəzeti yazmadan edə bilmir. Keçənlərdə İbsenin vəfatı ilə bağlı qəzetimizdə bir neçə söz deyildi. İndi teleqraf, Qrosslixtfeld şəhərində Alman filosoflarından məşhur Hartmannın vəfat xəbərini verib. Buna görə, adı çəkilən şəxsin fəlsəfəsi haqqında məlumat vermək istəyirik. Amma, ey oxucu, sənin buna etiraz edəcəyini bilirəm. Deyəcəksən ki, belə zamanda nə fəlsəfəbazlıqdır. Şəhərimizdə xalq dumaya vəkil seçmək üçün hay-huy içindəykən Hartmannın fəlsəfəsi kimə lazımdır?
Sən bizə izah elə ki, dövlət dumasına seçilməyə layiq içimizdəki filosof kimdir? Kimdir Bakıda o mütəfəkkir ki, gedib Peterburqda, parlamentdə digər üzvlər kimi bağırsın. Desin ki, Qafqaz müsəlmanlarına, yersiz, yurdsuz qalan, əsarət bəlasına düçar olan bizlərə də yer və azadlıq lazımdır. Yer – yəni əkin və təsərrüfat yeri lazımdır. Azadlıq – yəni müsəlman və türk camaatının tərəqqisi üçün hər cür vasitəyə sərbəst müraciət edə bilmək azadlığı lazımdır. Sən bizə yer və azadlıq fəlsəfəsini başa sal.
Dünyanı qalmaqal, inqilab və yenilənmə tutub, sən Hartmannın pessimizmindən bəhs etmək istəyirsən?! Peterburqda Rüstəm pəhləvan Ağ divlə* güləşir, dövlət dumasının üzvləri nazirləri qovur, gah hiddətlənib “rədd olun” deyirlər, gah nəzakət xətrinə sadəcə “çıxın gedin”. Bu tərəfdən isə şeyxülislamları, müftiləri, qaziləri də qovmaq istəyirlər.
Peterburqda nazirlərin qovulacağını görən Əhməd bəy və tərəfdarları deyir ki, onlar özləri qovulmaqdaykən qulluqçularının qulluqçuları bizə şeyxülislam, müfti, ya qazi təyin etmələri rəvadır? Nazirlər gərək camaatın içindən seçilsin. Bu səbəbdən şeyxülislamları, müftiləri, qaziləri də gərək camaat seçsin. Rusiya iki firqəyə ayrılıb bir-birlərinə qarşı çıxarkən, bu gün-sabah böyük bir görüş və mübarizə tamaşası hazırlanarkən Hartmannın vəfat edib-etməməyi kimin nəyinə gərəkdir? Bir neçə yüz ildən bəri Platonun, Aristotelin, İbn Sinanın, Farabinin quru ismi ilə kifayətlənib onların fikirlərini, əsərlərini bilmək istəmədik. Nə də türklərə bildirmək üçün tərcümə etdik. İndi də Hartmannın adını eşitməsək nə itirik?
Xüsusən, içimizdən bəzi əsilzadələrin eşitdiyinə görə Şopenhauerin əqidəsində olan bu filosofun kitablarını oxuyanlar intihar edirlər! Çünki o, oxucularına intiharı tövsiyə edirmiş! “Gedin, özünüzü öldürün” deyirmiş. İndi, belə zərərli tövsiyə verən alimin kitablarını tanıtmağın səbəbi nədir? Bu cür deyəcəksiniz, elə deyil? Mən də cavabında deyirəm, onsuz bizim camaat heç bu filosofun işinə agah olmadan özlərini öldürmək yolunu tutubdur! O halda bu mütəfəkkiri tanımaqdan onlara zərər gəlməz. Bir də, onun bütün əsərləri zərərli deyil, içlərində faydalı olanlar da var. Biz ziyanlıları kənara qoyub, yaxşı fikirlərindən danışa bilərik.
Görəsən heç bəhs edə biləcəyikmi? Çünki oxucularımız bu bəhsə icazə versələr də dilimiz fəlsəfi terminlər üçün əskikdir. Yenə Osmanlı şivəsi ilə belə bir işə girişmək olur və İstanbul alimlərindən filosof Rza Tofiq belə bəhslərdə dil cəhətdən əziyyət çəkmir. Bizim Azərbaycan şivəsilə fəlsəfəyə müraciət etdikdə isə bol-bol yunan terminlərini və ya bu ifadələrin hərfi tərcüməsini işlətdiklərini görürük. Kateqoriya, metafizika, və sairə kimi! İndi biz də şivəmizin məhdudiyyətini nəzərə alıb haqqında danışılan filosoflar kimi etsək olmaz? Bir də məsələyə çox da dərin girişməyib özümüzü bu qədər əzaba salmasaq daha yaxşı deyil? Buna əsasən Hartmannın fəlsəfəsini qısa və səthi surətdə yazmağı uyğun gördük.
Hartmann, Şopenhauer kimi «pessimizm» fəlsəfəsinin bünövrəsini qoyanlardan biridir. Pessimizm nədir? Bu fəlsəfəyə görə həyat daima kədər səhnəsi və izdiraba meyilli bir cığırdır. Bu yolda zövq və ləzzət xam xəyaldır. Həqiqi və müsbət olan yalnızca kədərdir. Bunun pəncəsindən xilas olmaq üçün bir çarə varsa o da yoxluqdur, yox olmaqdır. Bu fikrdə olan Eduard Hartmann 1842-ci ildə Berlində anadan olub. Əvvəlcə hərbi məktəbdə təhsil alıb sonra fəlsəfəyə marağına görə oranı tərk edib. Nəşr etdiyi əsərlər Avropada böyük rəğbətlə qarşılanıb. Bunlardan ən məşhurları “Kainat idarəsinin əsasları” “Pessimizmin tarixi və əsasları” əsərləridir. Hartmann, fəlsəfəsinə “fövqəladə idrak” adını verib. Məlumdur ki, Şopenhauerin nəzəriyyəsinə görə iradə hər növ mövcudiyyətin, yəni kainatın özülüdür. Aristotelə bir az tərəfdar olan Hartmann bunu qəbul etmir və deyir ki, iradə təsəvvürsüz, idraksız ola bilməz. Bu səbəbdən hər varlığın əsası iradə və təsəvvürdür. Yəni “fövqəladə idrak”dır. Ayrı-ayrı hər fərddə, hər heyvanda, hal və keyfiyyət belədir.
Görəsən, kainatın əsl başlanğıcı iradə və təsəvvürdümü? Hartmann buna bəli, və başqa cür ola bilməz cavabını verir. Çünki bizim bu zahiri aləmdə elə işlər və əlamətlər var ki, sadə cisim və təbiət ilə izah oluna bilməz. Mənəvi əsaslar sistemi mövcuddur. Kainatın yaranmasına səbəb olan da bu mənəvi başlanğıcdır ki, iradə və təsəvvürdən yəni, “fövqəladə-idrakdan” ibarətdir. Hartmannın «fövqəladə idrak» dediyi isə, hər şeyin təməli olan, cisim və insan ilə özünü göstərən kiçik iradənin, bizlərin üstündədir. Bütün bunlar onun əsəri və kölgəsidir. Mənəvi başlanğıcın mövcudluğunun dəlilini əyani surətdə gördüyümüz məqamlar Hartmanna görə bunlardır:
1. Fövqəladə idrakdır ki, bütün üzvlərimiz bir-biri ilə uyğun işləsin deyə bədənimizin böyüməsini və inkişafını tənzimləyir.
2. Fövqəladə idrakdır ki, ağılın və düşüncənin çatmadığı yerdə dövrəyə girir. Məsələn, insanın özünü təhlükədən qoruması üçün lazım olan o təbii instinkti təmin edir. Nitq və cəmiyyət bundan yaranır.
3. Fövqəladə idrakdır ki, sevgi, mərhəmət və ana şəfqəti vasitəsilə gələcək nəsilləri qoruyur. Təbiətdə güclü və gözəl olanları təbii yolla seçərək bəşəriyyətin tədricən mükəmməl hala gəlməsinə xidmət edir.
4. Fövqəladə idrakdır ki, ağıl və vicdanın çarəsiz qaldığı anlarda, baş verəcək hadisəni əvvəlcədən duymaq kimi hisslərlə insana yol göstərir.
5. Fövqəladə idrakdır ki, insana təsəvvüf və mistika yolu ilə kainatın tək bir yaradıcısı olduğunu daxili hissiyatla dərk etməyə kömək edir.
6. İnsanın gözəlliyi görməsi, sənətdən və estetikadan zövq alması qabiliyyəti də məhz həmin mənbədən gəlir.
Hartmann kainatın mürəkkəb zərrəsinə, daha doğrusu fərdin cövhərinə bu cür baxır. Onun fikrinə görə hər fərdin hissəsi iradə ünsürü və təsəvvürdür. Başqa bir şey, maddə deyildir və bunların mənbəyi bütöv varlıq olan vahidindir.(vəhdəti-vücud?) Deyir: Hər şeyin bir və bütöv əsası, qeyri-bərabər şəkildə təzahür edir. Burada Hartmannın fikrini Feyziyi-Hindinin bu beytilə ifadə etmək olur:
Hüsn yekist cilvə bərun əz şomar,
Bəhr yekist mövci-həzaran həzar!**
Budur Hartmann fəlsəfəsinin əsası! Bu fəlsəfədə böyük səhv və xətalar varsa da, adı çəkilən şəxsin dediyi fikirlərilə böyük xidmət etdiyi inkar olunmamalıdır. Çünki bu filosofun hər halda ateizmə düşmən olduğu aşikardır. Təbiət elmlərini səthi surətdə təhsil alıb dinsizlik yolunu tutan və heç bir şeyə etiqadları qalmayan bizim bəzi cavanlar Hartmannın burada deyilən sözlərinə diqqət etsələr bəlkə düşdükləri zəlalətdən bir dərəcə azad olarar. Bu kimi cavanlara qarşı, Əbu Turab Axund və yazıçımız Həsən Səbri Ayvazov nə qədər fəryad etsələr haqları vardır!
Məktəblərdən yarım-yamalaq çıxmış dinsizləri gördükcə daha mənim: «Bizə ancaq ilahiyyat elmi lazımdır» deməyim gəlir. Hər halda deyim ki, bizə elmlər sırasında ilahiyyat da lazımdır. Müsəlmanlar üçün bundan sonra təsis olunacaq məktəblərin proqramlarında diqqətə alınmalı mühüm məqamlardan biri də budur!
Ə.H.
“Həyat”, 1906, № 118.
**Peterburqda Rüstəm pəhləvan ilə Ağ div güləşir. Peterburqda Dövlət dumasında millət vəkillərinin mütləqiyyətlə mübarizəsi Firdovsinin “Şahnamə” qəhrəmanı Rüstəm Zalın Mazandaran müharibəsində Ağ divlə güləşməsinə bənzədilir.
**tərcüməsi: Gözəllik birdir, cilvəsi saysızdır.
Dərya birdir, dalğa minlərcədir.
Ağa Rza