“Fast & Furious” seriyasının növbəti filmi “Fast Forever” adlanacaq və 17 mart 2028-ci ildə kinoteatrlarda nümayiş olunacaq.
Postxronika.az xəbər verir ki, bu barədə “Universal” şirkəti cümə günü məlumat yayıb. Film 2023-cü ildə ekranlara çıxan, Lui Leterrienin rejissoru olduğu “Fast X” filminin davamıdır.
Seriyanın ulduzu Vin Dizel xəbəri “Instagram”da paylaşaraq mərhum aktyor Pol Uokerlə birgə fotosunu paylaşıb və “Heç kim bu yolun asan olacağını deməmişdi” sözlərini yazıb. Brian O’Conner obrazını canlandıran Pol Uoker 2013-cü ilin noyabrında, Furious 7 filminin çəkilişləri davam edərkən vəfat etmişdi. Onun səhnələri CGI texnologiyası, arxiv görüntüləri və qardaşları Kaleb və Kodi Uokerin köməyi ilə tamamlanmışdı.
Əvvəlcə “Fast X” filminin davamının 2025-ci ilin yazında çıxması planlaşdırılsa da, layihə təxirə salınıb. “Universal” hələlik “Fast Forever” filminin çəkiliş heyəti, aktyor heyəti və süjeti ilə bağlı detalları açıqlamayıb. Vin Dizel 2024-cü ilin fevralında bildirmişdi ki, seriyanın qarşıdan gələn 11-ci filmi franşizanın əsas hekayəsi üçün final olacaq.