İsrail mətbuatı İranla mümkün müharibənin ölkəyə çox ağır maliyyə yükü yaradacağını yazır.
Postxronika.az xəbər verir ki, “Calcalist” iqtisadi xəbər saytının məlumatına görə, İsrailin 13 iyun 2025-ci ildə İrana qarşı başladığı son hərbi əməliyyatların dəyəri təxminən 20 milyard şekelə (6,37 milyard dollar) başa gəlib. Təhlükəsizlik qurumlarındakı yüksək vəzifəli şəxslər qarşıdurmanın miqyasından asılı olaraq yeni müharibə mərhələsinin on milyardlarla şekel xərc tələb edə biləcəyi barədə xəbərdarlıq ediblər. İsrail Baş Qərargah rəisinin sabiq iqtisadi müşaviri Reem Aminoaç ən az xərcli ssenarinin hücuma başlamamaq olduğunu, lakin bu halda belə hava hücumundan müdafiə sistemlərinə milyardlarla vəsait xərclənəcəyini bildirib. Digər keçmiş müşavir Şaşon Haddad isə oxşar bir müharibənin yalnız hərbi baxımdan 15–25 milyard şekelə başa gələ biləcəyini deyib. Qeyd olunur ki, bu hesablamalara mülki zərərlər daxil edilmədiyindən ümumi xərcin 30 milyard şekelə, yəni təxminən 10 milyard dollara çatması mümkündür.