Ümumi qənaətə görə trilogiyada nə birinci, nə də son olan hissə adətən ən zəifi sayılır. Amma bu qaydanın istisnaları var. "The Empire Strikes Back", "The Last Jedi" bu qəbildəndir. "The Godfather Part II", Hətta "Temple Of Doom" belə digər "İndiana Cons" filmlərində olmayan çılğın enerjiyə sahibdir.

"The Two Towers" da bu güclü “ikinci hissələr” siyahısına əlavə olunmalıdır. Peter Ceksonun "The Lord Of The Rings" trilogiyasının ikinci filmi çox vaxt başlanğıc və final filmləri ilə müqayisədə kölgədə qalır. Amma "Fellowship Of The Ring"in vizual müxtəlifliyinə və "Return Of The King"in apokaliptik məğzinə malik olmasa da, hekayənin ən zəngin, ən dərin, ən qaranlıq və ən psixoloji mərhələsi məhz bu filmdə formalaşır.

"The Empire Strikes Back" kimi, "The Two Towers" filmində də qəhrəmanlar ayrılır. Frodo və Sem Qiyamət Dağına doğru yollarına tək davam edir, Merri və Pippin "uruk-haylar" tərəfindən əsir alınır, Aragorn, Leqolas və Gimli isə onları xilas etməyə çalışır.

Təxminən üç saatlıq film boyunca Piter Cekson Orta Dünyanın miqyasını genişləndirir və hekayəni daha qaranlıq, psixoloji çalarlarla təqdim edərək “yaxşı–pis” qarşıdurmasından kənara çıxır. Bu mərhələdə əsas rol Qolluma məxsusdur. Bir vaxtlar Smiaql olan, Üzüyün təsiri ilə dəyişmiş bu obraz Frodo və Semin yol yoldaşı kimi çıxış edir, lakin daim tərəddüd içində qalaraq hekayənin gərginliyini və mənəvi mürəkkəbliyini artırır.

Endi Serkisin ifasında və Wētā effektlər komandasının işi sayəsində Qollumlu səhnələr son dərəcə canlı və təsirli alınır, həm hiyləgər və enerjili, həm də faciəvi və gərgin. Film Qollumun əzablı psixologiyasını açaraq onu bütün çılpaqlığı ilə təqdim edir.

Qollum eyni zamanda Frodo və Semin güzgüsünə çevrilir: Frodo onun içində yaxşılıq görməyə çalışır, özü də Üzüyün yükü ilə mübarizə aparır, Sem isə bu təhlükəli varlığa etibar etməyin mümkünsüz olduğunu düşünür. Orta Dünyanın taleyi təhlükə altındadır və risk son dərəcə yüksəkdir.

Texniki baxımdan Qollum dövrü üçün böyük nailiyyət olsa da, obraz o qədər inandırıcı yaradılıb ki, tamaşaçı onu effekt deyil, Orta Dünyanın real bir sakini kimi qəbul edir. Bu baxımdan  ''The Two Towers'' hər şeydən əvvəl Qollumun filmidir və məhz buna görə daha güclüdür.