Malların gömrükdə qalmasına müxtəlif amillər səbəb ola bilər. Ən çox rast gəlinən hallar sənədlərin düzgün tərtib olunmaması, gömrük rüsumlarının vaxtında ödənilməməsi və ya məhsulların qanunvericiliyə uyğun olmamasıdır. Bəzi hallarda isə əlavə yoxlamalar və ya texniki prosedurlar malların buraxılışını gecikdirir. Bu cür problemlər sahibkarlar üçün vaxt və maliyyə itkisinə yol aça bilər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundovun fikrincə, Gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir.
Bununla bağlı Natiq Axundov Postxronika.az saytına açıqlamasında bildirib ki, son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur.
Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir.
Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur. Sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur”.
Zeynəb Xuduyeva