Suriya hökuməti ilə YPG arasında əldə olunan razılaşmanın icrasına başlanılıb.

Postxronika.az xəbər verir ki, bu çərçivədə Suriyanın Daxili İşlər Nazirliyinə məxsus zirehli texnikalar, çoxsaylı dördçəkərli avtomobillər, təcili tibbi yardım və rabitə vasitələrindən ibarət təhlükəsizlik karvanı YPG-nin nəzarətində olan Həsəkə şəhərinə daxil olub. Nazirliyin açıqlamasına görə, Həsəkə Daxili Təhlükəsizlik Komandanı briqada generalı Mərvan əl-Ali şəhərə giriş ərəfəsində bölmələrə tapşırıqlar verib. O, təhlükəsizliyin qanunvericiliyə uyğun və planlı şəkildə təmin olunmasının vacibliyini vurğulayıb. Suriya dövlət televiziyası El-İxbariyyə isə Həsəkə əhalisinin DİN qüvvələrini Suriya bayraqları ilə coşqu ilə qarşıladığını bildirib. Qeyd edək ki, YPG-nin tətbiq etdiyi komendant saatına baxmayaraq, sakinlər küçələrə çıxaraq bunu qeyd ediblər.