ABŞ Prezidenti Donald Tramp paytaxt Karakasda həyata keçirilən genişmiqyaslı zərbələrdən sonra Venesuela lideri Nikolas Maduronun tutularaq ölkədən çıxarıldığını bəyan edib.
Postxronika.az xəbər verir ki, ABŞ senatoru Mayk Li Maduronun cinayət məsuliyyətinə cəlb edilməsi üçün ABŞ-yə gətirildiyini və hərbi müdaxilənin həbs qərarını icra edən heyəti qorumaq məqsədilə reallaşdırıldığını bildirib.
Venesuela tərəfi isə Maduronun və birinci xanımın harada olduğundan xəbərsiz olduqlarını, hücumun çoxsaylı hərbçi və mülki şəxsin həyatına son qoyduğunu açıqlayıb. Karakasda baş verən partlayışlar nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb, ərazidə ciddi dağıntıların olduğu xəbər verilir.
Vaşinqton rəsmiləri bu addımın konstitusiya çərçivəsində ABŞ personalını qorumaq üçün atıldığını iddia edirlər. Beynəlxalq ictimaiyyət regionda gərginliyi artıran bu qəfil hadisəni diqqətlə izləyir.