Bu gün dahi sənətkarımız Aygün Bəylərin ikinci ildönümüdür. Musiqiləri ilə, musiqilərinin yaratdığı hisslərlə yaddaşlara möhür vuran sənətkar hər zaman izləyicilərinin qəlbində yaşayacaq. Sənətkar dünyasını dəyişsə də, onun yaratdıqları heç zaman dəyişmir.

Bu barədə Aygün Bəylərin bacısı Zümrüd Hümbətova Postxronika.az saytına açıqlamasında deyir ki, bacısı Aygün sənətə çox kiçik yaşda, 12-13 yaşlarında nağara ifaçısı kimi gəlib və sənətdə böyük çətinliklər yaşayıb:

"O, həyatda çox əziyyət çəkdi, bəziləri imkan vermədi, bəziləri isə ayağının altını qazdı.

Aygünün son konserti isə çox təsirli oldu. Pərdə arxasında dayanmışdım, konsert başlayandan bitənə qədər ağladım. O gün həm sevincli, həm də gərgin idi, çünki arzusuna çatmışdı.

Aygün həyatda çətin günlər görüb, amma övladı ilə xoşbəxt oldu və sənətinə canını fəda etdi. Onun arzuları isə yarımçıq qaldı. Mən hələ də onu unuda bilmirəm və musiqisini dinləyəndə kövrəlirəm”.

Fatimə Məmmədova