Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo futbolçu karyerasını başa vurmazdan əvvəl 1000 qol vurmaq niyyətində olduğunu bir daha açıqlayıb.

Postxronika.az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu Səudiyyə Ərəbistanı çempionatının növbəti turunda “Əl-Oxdud”la oyunda (3:0) fərqlənərək karyerasının 956-cı qolunu vurub. Bununla da o, beynəlxalq futbol tarixində Portuqaliya yığmasında 223 oyunda 141 qolla ən çox qol vuran futbolçu statusunu qorumaqda davam edir.

40 yaşlı futbolçu hazırda “Əl-Nəsr”lə müqaviləsinin bitməsinə iki il qaldığını və futbol oynamağa motivasiyasının hələ də yüksək olduğunu bildirib. Ronaldo qeyd edib ki, harada çıxış etməsindən asılı olmayaraq futboldan zövq alır və bu idman növünə olan sevgisi onu meydanlarda saxlayır. Onun sözlərinə görə, əsas məqsədi titullar qazanmaq və hamının bildiyi 1000 qol hədəfinə çatmaqdır.

Cari mövsümdə Səudiyyə Ərəbistanı çempionatında 10 oyunda 12 qol vuran Ronaldo təqvim ili üzrə ardıcıl üçüncü dəfə 40 qol həddini keçib və bu göstəricini karyerasında 14-cü dəfə təkrarlayıb. Təcrübəli futbolçu zədələrdən uzaq qalacağı təqdirdə hədəfinə mütləq çatacağına əmin olduğunu vurğulayıb.