Böyük Britaniya hökuməti məktəb və kollec məzunlarına ordu həyatını sınamaq imkanı verən yeni sxem tətbiq edəcək.

Postxronika.az xəbər verir ki, "fasilə ili" adlanan bu layihə gənclərə uzunmüddətli öhdəlik götürmədən Quru Qoşunları, Kral Donanması və ya Hərbi Hava Qüvvələrində təcrübə keçmək şansı yaradır. 25 yaşdan kiçiklər üçün nəzərdə tutulan proqramın ilkin mərhələsində 150 nəfərin iştirakı planlaşdırılsa da, gələcəkdə bu rəqəmin ildə 1000 nəfərə çatdırılması hədəflənir. İştirakçılar maaşlı fəaliyyətə cəlb olunacaq, lakin onlar aktiv döyüş əməliyyatlarına göndərilməyəcəklər. Müdafiə naziri Con Heli bu təşəbbüsün silahlı qüvvələrdə kadr problemini həll etmək və gənclərə liderlik bacarıqları aşılamaq məqsədi daşıdığını bildirib. Avstraliya modelindən bəhrələnən sistemdə iştirakçılar sonda hərbi karyeralarını davam etdirib-etməmək barədə sərbəst qərar verə biləcəklər.