İranda milli valyuta olan rialın ABŞ dolları qarşısında rekord həddə ucuzlaşması ölkə daxilində son üç ilin ən böyük etiraz dalğasına səbəb olub.
Postxronika.az xəbər verir ki, paytaxt Tehranın mərkəzi küçələrində və iri ticarət mərkəzlərində başlayan aksiyalar zamanı Mərkəzi Bankın sədri Məhəmməd Rza Fərzin istefa verib. İsfahan, Şiraz və Məşhəd kimi iri şəhərlərə yayılan nümayişləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.
İqtisadi gərginliyi artıran əsas amillər kimi ərzaq qiymətlərinin 72% artması və yeni yanacaq tarifləri göstərilir. Ekspertlər mövcud inflyasiya göstəricilərini ölkə iqtisadiyyatının hiperinflyasiya ərəfəsində olmasının göstəricisi kimi qiymətləndirirlər. Regional münaqişə riskləri və beynəlxalq sanksiyaların yenidən qüvvəyə minməsi bazar iştirakçıları arasında qeyri-müəyyənliyi daha da dərinləşdirib.