Bu gün Azərbaycanın görkəmli sosialist yönümlü şairi Mikayıl İsmayılzadənin (Mikayıl Müşfiq) faciəvi repressiyasından 88 il ötür.
Müşfiq bəzən yalnız romantik şair kimi təqdim olunsa da, əslində o, ideoloji baxımdan kommunist əqidəyə sadiq bir ziyalı idi. Onun şeirlərində müsavatçılar, menşeviklər, daşnaklar və hətta Qacar monarxiyasının nümayəndələri kəskin tənqid olunurdu. Rəsmi olaraq Kommunist Partiyasının üzvü olmasa da, sosializm və kommunizm ideyalarına bağlılığı açıq-aşkar görünürdü. Aprel inqilabına həsr etdiyi "28 Aprel"şeiri bunun bariz nümunəsidir.
Mikayıl Müşfiq yaradıcılığında zaqafqaziyaçılıq ideyasını da tərənnüm edir, gürcü, erməni və azərbaycanlı xalqlarının dostluğunu, sosialist ideologiya zəminində birgə gələcəyini poetik şəkildə ifadə edirdi.
Mikayıl Müşfiq niyə repressiya edildi?
1936-1938-ci illərin repressiv mühitində kommunist əqidəyə sadiqlik artıq təhlükəsizlik zəmanəti deyildi. Dövrün siyasi tələblərinə görə yazıçı və şairlərdən yalnız sosializmi tərənnüm etmək deyil, partiya xəttini qeyd-şərtsiz müdafiə etmək, ideoloji baxımdan sərt və kompromissiz mövqe nümayiş etdirmək tələb olunurdu.
Müşfiqin hədəf seçilməsində Azərbaycan Yazıçılar Birliyinin bəzi üzvlərinin rolu xüsusilə qeyd olunmalıdır. Birlik daxilində yazılmış çoxsaylı donoslar şairin sistem tərəfindən təqib olunmasında mühüm rol oynadı. İstintaq zamanı Müşfiq işgəncə altında Səməd Vurğuna qarşı donos yazmağa məcbur edilmişdi.
Bu dövrdə sovet ədəbiyyatında iki əsas ideoloji cərəyan mövcud idi: proletkultçu yazıçılar və proletkultçu olmayanlar. Proletkultçular proletariatın özünəməxsus mədəniyyətini yaratmağa çalışır, sosialist ideologiyaya sadiq qalsalar da, “partiya diktəsinə” tam tabe olmurdular. Proletkultçu olmayanlar isə partiya xəttinə sıx bağlı idilər.
Mikayıl Müşfiq uzun müddət proletkultçu mövqedə qaldığı üçün Yazıçılar Birliyindəki bəzi üzvlər tərəfindən sərt tənqid hədəfinə çevrilmişdi. Bu fərq zamanla estetik mübahisə çərçivəsindən çıxaraq siyasi ittiham alətinə çevrildi.
Beləliklə, Mikayıl Müşfiqin repressiyası təkcə şəxsi düşmənçiliklə izah edilə bilməz. Bu faciə 1930-cu illərin totalitar mədəni mühitində ideoloji təzyiqlərin və yazıçılar arasındakı daxili mübarizənin nəticəsi idi.
Qeyd
Mikayıl Müşfiq bu gün ictimai mövqeyinə görə ən çox falsifikasiyaya məruz qalan yazıçılarımız arasındadır. Yaradıcılığının əhəmiyyətli hissəsi sosialist motivli şeirlərdən ibarət olmasına baxmayaraq, o, çox zaman sovet repressiyalarının fonunda süni şəkildə millətçi və anti-sovet xadim kimi təqdim olunur.
Halbuki Müşfiqin sosialist dünyagörüşünə malik olması və 1920-30-cu illərdə Şura Azərbaycanında cərəyan edən modernləşmə hərəkatının avanqardlarından biri kimi çıxış etməsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə Şərq üçün örnək hadisədir.
Tarixi şəxsiyyətlərimizə, yazıçılarımıza və şairlərimizə qiymət verilərkən dövrün ictimai-siyasi şəraiti mütləq nəzərə alınmalıdır. Tarixi simaları nə kommunist olduqlarına görə mühakimə etmək, nə də türkçü olduqlarına görə bütləşdirmək doğru yanaşmadır. Prokurorcasına mühakimə və ya ilahiləşdirmə bir xalq olaraq bizi irəli aparmır.
Tarixdə kimin fəaliyyəti necə olubsa, müsbəti müsbət, mənfisi isə mənfi olduğu kimi deyilməlidir. Müsbətdən nümunə götürmək, mənfini isə analiz edərək bir daha təkrarlamamaq üçün dərs çıxarmaq lazımdır. Bu yanaşma həm millətçilər, həm də kommunistlər üçün eyni dərəcədə keçərlidir.
Xatirəsinə hörmətlə.
Əli Novruzov (tarixçi)