Tehrandan Ottavaya qarşı addım: Kanada donanması terror təşkilatları siyahısına daxil edildi. 

PostXronika xəbər verir ki, Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan açıqlamada, Kanada hökumətinin 19 iyun 2024-cü il tarixində İran İslam Respublikası Silahlı Qüvvələrinin bir hissəsinə qarşı verdiyi qanunsuz xarakterli qərara cavab olaraq görülən qarşılıqlı tədbirlərə toxunulub. Açıqlamada qeyd olunub ki, Kanada hökuməti beynəlxalq hüququn əsas prinsiplərinə zidd olaraq, ölkənin rəsmi silahlı qüvvələrinin tərkib hissələrindən biri sayılan İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb.

Bu çərçivədə bildirilib ki,İran İslam Respublikası hökuməti qarşılıqlılıq prinsipi əsasında və 2019-cu ildə qəbul edilmiş “ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etməsinə qarşı qarşılıqlı tədbirlərin görülməsi haqqında qanun”un 7-ci maddəsinə istinad edərək hərəkət edib. Həmin maddədə “Amerika Birləşmiş Ştatlarının İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etməsi qərarına hər hansı formada əməl edən və ya bu qərarı dəstəkləyən bütün ölkələrin qarşılıqlı tədbirlərə məruz qalacağı” hökmünün yer aldığı xatırladılıb.


Açıqlamada bu əsaslara görə Kanada Donanmasının (Royal Canadian Navy) qeyd olunan qanun və müddəalar çərçivəsində qiymətləndirildiyi, qarşılıqlı tədbir çərçivəsində terror təşkilatı kimi tanındığı və rəsmi şəkildə elan edildiyi bildirilib.