Suriya Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba ölkə başçısı Əhməd Şaraya qarşı sui-qəsd təşkil edilməsi barədə yayılan iddiaları qəti şəkildə təkzib edib. 


Postxronika.az xəbər verir ki, rəsmi qurum nümayəndəsi bəzi yüksək rütbəli məmurların hədəf alındığına dair məlumatların saxta sənədlər vasitəsilə dövriyyəyə buraxıldığını bildirib. 


Nazirlik sözçüsü Telegram kanalı vasitəsilə etdiyi müraciətdə bu xəbərlərin həqiqəti əks etdirmədiyini və tamamilə əsassız olduğunu vurğulayıb. O, vətəndaşları və media qurumlarını məsuliyyətli davranmağa, yalnız etibarlı dövlət mənbələrinə istinad etməyə çağırıb. 


Açıqlamada qeyd olunub ki, ölkə rəhbərliyinə qarşı "təhlükəsizlik hadisəsi"nin baş verməsi ilə bağlı yayılan şayiələr dezinformasiya xarakteri daşıyır. Hazırda ölkədə vəziyyətin sabit olduğu və rəsmi qurumların fəaliyyətini normal rejimdə davam etdirdiyi diqqətə çatdırılıb.