Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səudiyyə Ərəbistanının Yəmənin Mukalla limanına endirdiyi hava zərbələrindən sonra bu ölkədəki qalan hərbi birləşmələrini geri çəkəcəyini bəyan edib.

Postxronika.az xəbər verir ki, rəsmi Ər-Riyad yaxın müttəfiqini separatçı qrupları silahlandırmaqda günahlandıraraq, bu addımların krallığın milli təhlükəsizliyinə ciddi təhdid yaratdığını bildirib. Səudiyyə tərəfi xəbərdarlıq məqsədilə liman şəhərini bombalayıb və Əmirlik qoşunlarının 24 saat ərzində ərazini tərk etməsini tələb edib.

Əvvəlcə ittihamları qəbul etməyən Əbu-Dabi rəhbərliyi son hadisələri nəzərə alaraq, bölgədəki "terrorla mübarizə" bölmələrini könüllü şəkildə çıxarmaq qərarına gəlib. İki ölkə arasındakı bu hərbi gərginlik BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasının (STC) fəallaşması fonunda meydana çıxıb. Regionun əsas tərəfdaşları sayılan Səudiyyə Ərəbistanı və BƏƏ arasındakı bu epizod münasibətlərdə yaranan dərin çatların göstəricisi kimi qiymətləndirilir.