Böyük Britaniyanın 2025-ci il Yeni İl Fəxri Təltiflər siyahısı açıqlanıb. Postxronika.az xəbər verir ki, kino və televiziya sənayesinə mühüm töhfələr vermiş bir sıra tanınmış simalar bu siyahıda yer alıb.

Aktyor İdris Elba kino sahəsindəki müstəsna xidmətlərinə, gənclərin dəstəklənməsi və sosial ədalət istiqamətindəki fəaliyyətinə görə "cəngavərlik titulu" ilə təltif olunub. Elba "Mandela: Long Walk to Freedom" və "Luther" layihələrinə görə BAFTA nominasiyaları qazanıb, həmçinin "Yardie" filminin rejissoru kimi tanınır. O, gənclər arasında zorakılıq və bıçaqlı cinayətlərə qarşı sosial kampaniyaların fəal tərəfdarıdır.

"Wicked" və "Wicked: For Good" filmlərində rol alan Sintiya Erivo aktyor, müğənni, prodüser və yazıçı kimi fəaliyyətinə görə MBE ordeninə layiq görülüb. Onun filmografiyasına "Harriet" və "Widows" daxildir. Erivo indiyədək üç dəfə “Oskar” mükafatına namizəd olub.

Kino sənayesində xidmətlərinə görə Tina MakFarlinqMBE ilə təltif edilib. O, son olaraq Britaniya Film İnstitutunda (BFI) strateji kommunikasiyalar üzrə rəhbər vəzifəsində çalışıb, daha əvvəl UK Film Council, Premier PR və Screen International nəşrində uzun illər fəaliyyət göstərib.

Yeni İl siyahısında həmçinin BBC-nin sabiq məzmun rəhbəri Şarlotta Mur, aktyor Uorvik Devis, aparıcı və yazıçı Riçard Osman və aktyor-komediyaçı Matt Lukas OBE ordeni ilə təltif olunublar. Bəstəkar Maks Rixter və BFI-da kino irsi üzrə rəhbər vəzifədə çalışmış Devid Qörni isə CBE mükafatına layiq görülüblər.