İran Prezidenti Məsud Pezeşkiyan ölkədə iqtisadi çətinliklər fonunda genişlənən aksiyaları dəyərləndirərək xarici təzyiqlərin artdığı bir dövrdə daxili zəifliyin dövlətə ciddi ziyan vura biləcəyini bəyan edib. 

Postxronika.az xəbər verir ki, Mərkəzi Bankın iclasında çıxış edən dövlət başçısı həmrəyliyin qorunmasının mövcud böhranın aşılmasında həlledici rol oynadığını vurğulayıb. 

Ölkə parlamenti iqtisadi islahatlar çərçivəsində Məhəmməd Rza Fərzinin yerinə Əbdülnasir Hümmətinin Mərkəzi Bankın yeni rəhbəri vəzifəsinə təyin olunmasını təsdiqləyib. Yeni rəhbərliyin əsas fəaliyyət istiqaməti inflyasiyanın cilovlanması, valyuta bazarına nəzarətin gücləndirilməsi və bank sisteminin yenidən qurulması olacaqdır. 

Tehrandan başlayan və digər vilayətlərə yayılan nümayişlər fonunda hökumət iqtisadi sabitliyi təmin etmək üçün təxirəsalınmaz addımlar atır. Pezeşkiyan çətin şəraitdə məsuliyyət daşımağın mürəkkəbliyini qeyd edərək islahatların tənqidlərlə müşayiət olunacağını da diqqətə çatdırıb.