“Titanik” tarixinin ən məşhur fəlakət və sağ qalma mövzulu filmlərindən biri hesab olunur. Bəs 1912-ci il aprelin 15-də bu gəmidə olsaydınız, xilas olmaq mümkün idimi? 

Postxronika.az xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi, “Oskar” mükafatlı Ceyms Kemeron bu suala aydın və praktik cavab verib.

Kemeronun sözlərinə görə, əgər insan tək səyahət edən ikinci sinif sərnişin olsaydı və xilasedici qayığa minmək imkanı əldə etməsəydi, ən doğru qərar erkən mərhələdə suya tullanmaq olardı. Rejissor bildirir ki, gəmidən yeni buraxılan qayığın yaxınlığında suya atılıb ona doğru üzmək, real şəraitdə yaşamaq şansını xeyli artırırdı.

Onun sözlərinə görə, suyun temperaturu son dərəcə aşağı — təxminən 28 dərəcə Farenhayt olsa da, qısa müddətli təmas ölümcül olmazdı. Ətrafda insanlar və gəmidən izləyənlər olduğu üçün qayıqda olanlar suya düşən şəxsi böyük ehtimalla içəri alardılar.

Kemeron vurğulayıb ki, əsas problem sərnişinlərin çoxunun gəminin həqiqətən batacağına inanmaq istəməməsi idi. Bu tərəddüd isə çoxlarının gecikməsinə və xilas şansının azalmasına səbəb olub. Rejissorun fikrincə, qayığın uzaqlaşmasını gözləmək artıq demək olar ki, ölüm hökmü idi.

Qeyd edək ki, 1997-ci ildə çəkilən filmdə baş qəhrəman Cek Dousonun gəmidə qalmaq qərarı həmin anda malik olduğu məlumatlara görə məntiqli görünürdü. Lakin Ceyms Kemeron etiraf edir ki, real həyatda fərqli seçim bəlkə də sağ qalma ehtimalını artıra bilərdi.

Bu açıqlamalar “Titanik”in illər keçsə də, həm tarixi hadisə, həm də kino əsəri kimi maraq doğurmağa davam etdiyini göstərir.