Çin Media Qrupuna daxil olan CGTN televiziyası yeni "Global South Voices" layihəsi çərçivəsində Azərbaycanın tranzit potensialından bəhs edən süjet nümayiş etdirib. 

Postxronika.az xəbər verir ki, tərəfdaş qurum olan AZƏRTAC tərəfindən hazırlanan materialda rəsmi Bakının Orta Dəhlizin ötürücülük qabiliyyətini artırmaq istiqamətində atdığı mühüm addımlar işıqlandırılıb. 

Videomaterialda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Çini Avropa ilə birləşdirən ən təhlükəsiz və səmərəli logistik xətt olduğu vurğulanıb. Bakı Limanının genişləndirilməsi, Ələt Azad İqtisadi Zonasında yeni infrastrukturun inşası və Zəngəzur dəhlizi layihəsinin regional bağlantı imkanlarını şaxələndirəcəyi xüsusi qeyd edilib. 

Pekin və Bakı arasında imzalanan strateji sənədlər sayəsində ötən il Çindən gələn blok qatarlarının sayının 350-ni keçdiyi və tranzit müddətinin əhəmiyyətli dərəcədə qısaldığı diqqətə çatdırılıb. Bu əməkdaşlıq Avrasiyanın nəqliyyat xəritəsində Azərbaycanın mərkəzi qovşaq statusunu daha da möhkəmləndirir.