Brennan Conson “Tottenhem”dən “Kristal Pelas”a klub rekordunu qıran 35 milyon funt sterlinqlik transferini yekunlaşdırdıqdan sonra bazar günü “Nyukasl”a qarşı oyunun heyətinə daxil ediləcək.

Postxronika.az xəbər verir ki, Uels millisinin 24 yaşlı hücumçusunun transferi yaxın 24 saat ərzində rəsmən açıqlanacaq və o, cümə günü London daxilində keçidinin bütün prosedurlarını tamamlayıb.

Futbolçu ilə “Bornmut” da maraqlansa da, baş məşqçi Oliver Qlasnerlə aparılan danışıqlardan sonra Selhurst Parka keçməyə razılaşıb.

Bu keçid “Kristal Pelas”ın tarixində ən bahalı transfer olacaq və 2016-cı ildə Kristian Benteke üçün ödənilən 27 milyon funtu geridə qoyacaq.

Conson 2023-cü ildə “Nottingem Forest”dən 47,5 milyon funt qarşılığında “Tottenhem”ə transfer olunmuş, ötən mövsüm Avropa Liqasında həlledici qolla klubun 17 illik titul həsrətinə son qoymuşdu.

Cari mövsümdə isə Tomas Frankın rəhbərliyi altında az şans qazanan hücumçu 22 oyunda 4 dəfə fərqlənib.