Azərbaycanın müstəqilliyi uğrunda əfsanəvi fədakarlıq göstərmiş Milli Qəhrəman Natiq Qasımovun anadan olmasından 55 il ötür.
Postxronika.az xəbər verir ki, 1971-ci il yanvarın 2-də Gədəbəydə doğulan qəhrəman 1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığındakı strateji yüksəklikdə yerləşən alban kilsəsində 5 gün təkbaşına mübarizə apararaq düşmənə ağır itkilər verdirib.
Erməni tərəfi əsir götürülən 22 mülki şəxsi güllələmək hədəsi ilə onu təslim olmağa məcbur etsə də, Natiqin dindirilmə anındakı qürurlu duruşu tarixə "Oğul" sənədli filmi və italyan fotoqraf Enriko Sarsinin kadrları ilə həkk olunub.
Uzun müddət itkin düşmüş hesab edilən və qətlə yetirildiyi ehtimal olunan cəsur döyüşçü, Prezident İlham Əliyevin 2024-cü il tarixli sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Hazırda Mingəçevirdə təhsil aldığı 4 saylı məktəb onun adını daşıyır və xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. Gənc nəsil üçün vətənpərvərlik nümunəsi olan Natiq Qasımovun hünəri bu gün də qürurla anılır.