Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə yazdıran şəhid general-mayor Polad Həşimovun anadan olmasından 51 il ötür.
Postxronika.az xəbər verir ki, 1975-ci ildə Qəbələdə dünyaya göz açan qəhrəman komandir hərbi karyerası boyu tağım rəhbərliyindən general rütbəsinədək şərəfli bir yol qət edib.
2016-cı ilin Aprel döyüşlərində göstərdiyi rəşadətə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən zabit 2019-cu ildə ali hərbi rütbəyə layiq görülüb. 2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən şiddətli döyüşlərdə ön xətdə olarkən qəhrəmancasına şəhid olan general ölkəmizdə bu rütbədə döyüş meydanında canını fəda edən ilk hərbçidir.
Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən Polad Həşimovun əziz xatirəsi xalqımızın qəlbində əbədi məskən salıb. Onun vətənpərvərliyi və sadəliyi bu gün hər bir Azərbaycan əsgəri üçün əsl mərdlik məktəbidir.