Mikayıl Müşfiq 1908-ci il iyun ayının 5-də Bakıda anadan olub. Dövrünün tanınmış ziyalılarından biri olan atası Mirzə Əbdülqadir İsmayılzadə müəllimliklə yanaşı şeir və qəzəllər yazıb. Uşaq ikən valideynlərini itirdiyi üçün nənəsi və dayısının himayəsində böyüyən Müşfiqin şair kimi yetişməsində nənəsi Qızqayıt xanımın böyük rolu olub. Sənətkar 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. 1938-ci il yanvarın 5-də SSRİ Ali Məhkəməsi tərəfindən Mikayıl Müşfiqin güllələnməsi haqqında qərar verilib. Yanvarın 6-da şair Nargin adasında dünyasını dəyişib.
Azərbaycan ədəbiyyatında romantik lirikanın ən parlaq nümayəndələrindən biri olan Mikayıl Müşfiq XX əsr poeziyasına yeni ruh, yeni nəfəs gətirmiş sənətkarlardandır. Onun yaradıcılığı saf duyğular, həyat eşqi, azadlıq istəyi və insan sevgisi üzərində qurulmuşdur. Qısa ömür sürməsinə baxmayaraq, Müşfiq Azərbaycan poeziyasında silinməz iz qoymuşdur.
Yaradıcılıq fəaliyyətinə çox erkən yaşlarda başlayan Müşfiq poetik yaradıcılığına 1926-cı ildə “Gənc işçi” qəzetində çap edilən “Bu gün” şeiri ilə addım atıb. 1927-ci ildən “Maarif və mədəniyyət” və “Komsomol” jurnallarında, eləcə də “Gənc işçi” qəzetində şeirlərini yayımlayıb. 1932-ci il şairin həyatındakı ən məhsuldar illərdən biri olub. Bu dövrdə “Günün səsləri”, “Vuruşmalar”, “Pambıq”, “Buruqlar arasında” kitabları, daha sonra isə bir-birinin ardınca “Şeirlər”, “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz”, “Azadlıq dastanı”, “Buruq adamı” əsərləri nəşr edilib.
Uşaq ədəbiyyatına da xüsusi önəm verən Müşfiqin yaradıcılığında “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Kəndli və ilan” nağılları, “Vuruşmalar”, “Qaya” poemaları, “Coğrafiya”, “Məktəbli şərqisi”, “Zəhra üçün” və digər şeirlərə rast gəlmək mümkündür. 1937-ci ildə çap üçün hazırladığı “Çağlayan” kitabına yaradıcılığının ən qiymətli əsərləri sayılan “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şeirim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Tərtərhəs nəğmələri”, “Mingəçevir həsrəti” adlı şeirlərini daxil etmiş, lakin kitabı çap etdirməyə macal tapmamışdır.
Mikayıl Müşfiqin yaradıcılığını oxuyarkən ilk hiss edilən pafos deyil, səmimiyyətdir. Onun poeziyası mürəkkəb fəlsəfi anlayışlarla deyil, insanın gündəlik, lakin dərin hissləri ilə qurulub. Müşfiq şeiri ideyanı sübut etmək üçün yox, hiss etdiyini demək üçün yazan şairlərdəndir.
Onun yaradıcılığının əsasını lirizm təşkil edir. Müşfiq hadisələrdən çox duyğulara diqqət yetirirdi. “Yenə o bağ olaydı” şeirində konkret bir məkan təsviri varmış kimi görünsə də, əslində bu şeir keçmişə, itirilmiş rahatlığa və insanın içindəki sakitliyə duyulan həsrəti ifadə edir. Bağ burada sadəcə bağı ifadə etmir .
Onun poeziyasında azadlıq anlayışı xüsusi yer tutur. Lakin bu azadlıq birbaşa siyasi məzmun daşımır. Müşfiq üçün azadlıq düşünmək, sevmək, yazmaq və hiss etmək haqqıdır. Bu baxımdan onun şeirləri dövrün sərt ideoloji çərçivələrinə uyğun gəlmirdi və bu, şairin taleyində ağır iz buraxdı.
Qısa ömür sürsə də yaradıcılığı Azərbaycan ədəbiyyatında dərin iz buraxmışdır. Mikayıl Müşfiq təkcə bir şair deyil, həm də susdurulmuş bir nəslin simvoludur. Müşfiqin poeziyası bu gün də oxucunu öz səmimiyyəti ilə cəlb edir. Bu səbəbdən Müşfiq yalnız öz dövrünün deyil, bütün zamanların şairidir.
Nigar