Uzun planları, ağır ritmi və sərt qara-ağ estetikası ilə tanınan macar art-house rejissoru Béla Tarr 70 yaşında dünyasını dəyişib. Onun yaradıcılığı Jim Jarmusch və Gus Van Sant kimi rejissorların da daxil olduğu bir nəsil art-house kino müəllifinə ciddi təsir göstərib.
Postxronika.az xəbər verir ki, rejissorun ölümünü ailəsi adından macar kinorejissor Bence Fliegauf ölkənin MTI milli xəbər agentliyinə təsdiqləyib. Avropa Film Akademiyası Béla Tarrın “uzun və ağır xəstəlikdən sonra” vəfat etdiyini açıqlayıb.
Karyerası ərzində cəmi doqquz tammetrajlı film çəkən Tarr yaradıcılığa 1979-cu ildə “Family Nest” ilə başlayıb, 2011-ci ildə “The Turin Horse” filmi ilə kino fəaliyyətini başa vurub. Onun filmləri klassik süjetdən çox zaman, məkan və atmosferin birbaşa təcrübəsini ön plana çıxaran radikal üslubu ilə seçilib.
Béla Tarr filmlərində adətən bir neçə dəqiqə davam edən tək-planlı çəkilişlərdən istifadə edir, ekzistensial mövzulara və post-kommunist Macarıstanın qaranlıq mənzərələrində yaşayan cəmiyyətin kənarındakı insanların həyatına fokuslanırdı. Bu yanaşma kino tənqidçiləri tərəfindən “zaman mərkəzli realizm” kimi xarakterizə olunurdu.
Rejissor son illərini kino təhsilinə həsr edib. O, 2012-ci ildə Sarayevoda “Film Factory” beynəlxalq kino məktəbini yaradıb, Gus Van Sant, Apichatpong Weerasethakul, Carlos Reygadas, Tilda Swinton və Juliette Binoche kimi tanınmış simaları tədris prosesinə cəlb edib. Qeyd edək ki, 2023-cü ildə Avropa Film Akademiyası onu kinoya verdiyi töhfələrə görə xüsusi mükafatla təltif edib.
Kinoman