Venesuela Prezidenti Nikolas Maduro ölkəyə qarşı iddia olunan hücumlar səbəbindən fövqəladə vəziyyət elan edib. Fərman milli təhlükəsizliyin təmin olunması, ictimai asayişin qorunması və mümkün təhdidlərin qarşısının alınmasını nəzərdə tutur. Təhlükəsizlik orqanlarının səlahiyyətləri genişləndirilib, strateji obyektlərin mühafizəsi gücləndirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyası isə Venesuelanın paytaxtı Karakasda baş verən partlayışlar və təyyarə uçuşları ilə bağlı yayılan məlumatlardan xəbərdar olduqlarını bildirib, lakin hadisəyə ABŞ-nin mümkün əlaqəsi barədə açıqlama verməyib. ABŞ-nin Venesuelaya qarşı mümkün hərbi əməliyyat planları və enerji sektoru üzərindəki maraqları yenidən beynəlxalq diqqətin mərkəzinə çıxıb.
Politoloq Turab Rzayevin fikrincə, Tramp administrasiyasının bu addımı həm neft qiymətlərini tənzimləmək, həm də geosiyasi təsirini artırmaq məqsədini daşıyır. Eyni zamanda, yaxın zamanlarda Çin və İranın maraqlarına qarşı da böyük hərbi əməliyyatların planlaşdırıldığı iddia edilir.
Turab Rzayev Postxronika.az-a açıqlamasında bildirib ki, uzun müddətdir, gözlənilən ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyat ehtimalı artıq gündəmdədir:
"Tramp administrasiyası neft qiymətlərini ucuzlaşdırmaq məqsədilə belə bir əməliyyatın həyata keçirilməsinə ehtiyac duyur. Gözlənilirdi ki, bu əməliyyat artıq baş tutacaq. Çünki ya Venesuela, ya da İran hədəfdə idi. Hər ikisinə yaxın zamanda böyük hərbi əməliyyat planlaşdırılmışdı".
Politoloq həmçinin vurğulayıb ki, ABŞ yaxınlarda Çinə aid bir gəminin Venesuelanı ələ keçirməsi ilə bağlı da öz mövqeyini nümayiş etdirib:
"Bundan sonra ABŞ göstərdi ki, heç bir halda, hətta Çin kimi güclü ölkələrin maraqlarını da nəzərə almaq fikrində deyil. İlk növbədə Venesuelanın əraziləri ələ keçiriləcək, sonra isə Çinə aid yerlər hədəfə alınacaq. ABŞ yenidən hegemonluğunu göstərir və enerji sektoru üzərində öz işini qurmaq niyyətindədir. Bu iddialar həm Rusiya ilə əməkdaşlıq imkanlarını, həm də İrana qarşı artan təzyiqləri əhatə edir".
Fatimə Məmmədova