Böyük Britaniyada ürək və ağciyər nəqli sahəsində ciddi problemlər yaşanır. Kistik fibrozdan əziyyət çəkən 34 yaşlı Codi Kantelə son yeddi ildə 17 dəfə yeni orqan təklif edilsə də, hər dəfə əməliyyat müxtəlif səbəblərdən, o cümlədən orqanların keyfiyyətsizliyi və ya xəstəxanalardakı yer çatışmazlığı üzündən ləğv olunub.
Postxronika.az xəbər verir ki, bir vaxtlar bu sahədə dünya lideri hesab edilən ölkə hazırda köhnəlmiş texnologiyalar, maliyyə çatışmazlığı və təcrübəli mütəxəssislərin xaricə axını səbəbindən digər Qərb dövlətlərindən geri qalır. Milli Səhiyyə Xidmətinin (NHS) statistikasına əsasən, hər on ağciyərdən cəmi biri, hər yeddi ürəkdən isə yalnız biri köçürülmə üçün istifadəyə yararlı olur. Eyni zamanda, transplantasiyadan sonra xəstələrin beş illik sağ qalma göstəriciləri də digər inkişaf etmiş ölkələrlə müqayisədə olduqca aşağı səviyyədədir. Mütəxəssislər problemin həlli üçün müasir avadanlıqlara, xüsusilə də orqanların vəziyyətini dəqiq dəyərləndirən KT cihazlarına və yeni daşınma sistemlərinə təcili investisiya qoyulmasının vacibliyini vurğulayırlar.